Etik hakerlər, təhlükəsizlik ekspertləri və bu sahədə fəaliyyət göstərən digər mütəxəssislər BUGemotda qeydiyyatdan keçərək şəxsi hesablarına daxil ola bilərlər. Panelə daxil olduqdan sonra hər bir mütəxəssis aşkar etdiyi təhlükəsizlik zəifliyi barədə öz adından BUGemota məlumat göndərir. Əvvəlcə mütəxəssisin göndərdiyi məlumat moderatorlar tərəfindən yoxlanılır. Zəiflik təsdiqləndikdən sonra (sistemdə təhlükəsizlik boşluğu olduğu halda) bu məlumat həmin təşkilatın ünvanına göndərilir. Əgər təşkilat həmin təhlükəsizlik boşluğu haqqında məlumatın ciddiliyinə inanır və bu zəifliyin vuracağı ziyanı dəyərləndirib aradan qaldırırsa, bunu aşkarladığına görə, öz istəyi ilə mütəxəssisə ödəniş edə bilər. Sonra təşkilatın sistemdəki abunə statusundan asılı olaraq müəyyən müddətdən sonra boşluq haqqında məlumat saytda elan olunur. Hər bir etik hakerin (mütəxəssisin) aşkar etdiyi boşluqlar moderatorlar tərəfindən 0-10 arası balla qiymətləndirilir. Toplanmış ballara və digər meyarlara uyğun olaraq etik hakerlərin reytinqləri hesablanıb saytda göstəriləcəkdir.
Bundan əlavə, şirkətlər sistemlərində tapılmış zəiflikləri aradan qaldırmaq üçün reytinqdə yüksək yer tutmuş hakerlərə ödəniş etməklə onlara xidmətlər sifariş edə və ya BUGemotda təklif edilmiş paketlərdən birini seçməklə xidmətlərdən istifadə edə bilərlər.
BUGemot saytında yerləşdirilmiş məlumatları media nümayəndələri öz məqalələrində istifadə edə bilərlər.
Diqqət! İfşa edilmiş boşluqlar aradan qaldırılmadığı təqdirdə baş verəcək təhlükələrlə əlaqədar olaraq BUGemot rəhbərliyi heç bir məsuliyyət daşımır. Həmin boşluqlardan istifadə edərək ziyan vuran şəxs və yaxud da mütəşəkkil qrup qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
BUGemotda qeydiyyatdan keçən hər bir şəxs etik haker olduğuna dair imza atmış hesab olunur.
İstifadə qaydası ilə əlaqədar dəyişikliklər və yaxud da əlavələr olduqda saytda bu barədə məlumat veriləcəkdir.