Sizə təqdim etdiyimiz BUGemot layihəsi informasiya texnologiyalarından (İT) istifadə edən müəssisələrin yaratdıqları məhsullarda aşkar olunan təhlükəsizlik boşluqları haqqında məlumatları bu sahədə fəaliyyət göstərən peşəkar ekspertlərdən toplayan və məlumatlandıran bir sistemdir.
Müasir dövrümüzdə İT-nin sürətli inkişafı ilə əlaqədar olaraq bir çox təşkilatların, dövlət orqanlarının, media qurumları və şirkətlərin istifadə etdikləri İT məhsullarında müəyyən təhlükəsizlik boşluqları yarana bilər. Bu boşluqlar aşkar olunduğu və aradan qaldırılmadığı halda bədniyyətlilər həmin müəssisələrin məlumatlarını oğurlaya, sistemlərinin işləməsində problemlər yarada və hətta iflic vəziyyətə gətirə bilərlər.
Məhz bu boşluqlar barədə həmin İT məhsulları istifadə edən şirkətləri, media qurumları və dövlət orqanlarını xəbərdar etmək üçün BUGemot layihəsini yaratmışıq. BUGemotda etik hakerlər, təhlükəsizlik ekspertləri və bu sahədə fəaliyyət göstərən digər mütəxəssislər qeydiyyatdan keçib yaranmış boşluqlar barədə məlumatlar göndərməklə həmin şirkətləri xəbərdar etmiş olurlar. Nəticədə, təşkilatlar, proqramçılar və auditorlar boşluqlar barədə məlumat əldə edərək öz sistemlərində təhlükəsizlik qaydalarını daha da gücləndirə bilərlər.
Bu, bizim, BUGemot layihəsi olaraq, İT sahəsində təhlükəsizlik problemlərinin aradan qaldırılması üçün dəstəyimizdir.